- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
BAKININ İŞĞALDAN AZAD OLUNMASINDAN 89 İL KEÇDİ
BayBək, Azərbaycan | Saturday, 15th September , 2007 , 14:16 [pm] | İç Xəbərlər
![]() |
. | Bu gün Bakının erməni daşnakları və rusların işğalından azad edilməsinin 89-cu ildönümüdür. Bu tarixi hadisənin ildönümü münasibətilə dünən Müsavat Partiyasının qərargahında ziyalıların, tarixçilərin iştirakıyla tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə qəhrəman türk əsgərlərinin şərəfinə “Şəhidlər Xiyabanı”nda ucaldılmış xatirə kompleksini ziyarət etdilər. Partiyanın qərargahında davam edən toplantının aparıcısı, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı 1918-ci il 15 sentyabr tarixinin Azərbaycanın ən şərəfli səhifələrindən biri olduğunu bildirdi. |
Bu gün Bakının erməni daşnakları və rusların işğalından azad edilməsinin 89-cu ildönümüdür. Bu tarixi hadisənin ildönümü münasibətilə dünən Müsavat Partiyasının qərargahında ziyalıların, tarixçilərin iştirakıyla tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə qəhrəman türk əsgərlərinin şərəfinə “Şəhidlər Xiyabanı”nda ucaldılmış xatirə kompleksini ziyarət etdilər. Partiyanın qərargahında davam edən toplantının aparıcısı, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı 1918-ci il 15 sentyabr tarixinin Azərbaycanın ən şərəfli səhifələrindən biri olduğunu bildirdi.
A.Hacılı bu tarixin Azərbaycanın müsəlman şərqində ilk demokratik dövlət kimi fəaliyyət göstərməsində müstəsna rolu olduğunu vurğuladı: “Məhz 15 sentyabrdan sonra Azərbaycan hökuməti Gəncədən Bakıya köçə bildi. 15 sentyabr Bakını gah Rusiyanın, gah Ermənistanın ərazisi etmək kimi xülyalara birdəfəlik son qoydu”.
Müsavat Partiyasının başqanı İsa Qəmbər çıxışına rəhbərlik etdiyi partiyanın hər il Bakının işğaldan azad edilməsinin ildönümünü qeyd etdiyini xatırlatmaqla başladı: “Bu da təsadüfi deyil. Çünki 15 sentyabr Azərbaycan xalqının çoxminillik şərəfli tarixində ən önəmli günlərdən biridir. Hətta Məmməd Əmin Rəsulzadə 15 sentyabrı 28 may İstiqlal Günü kimi önəmli sayırdı. Çünki həmin gün qəhrəman türk əsgəri Bakını işğalçılardan azad edib. Həmin gün Qafqaz İslam Ordusunun əsgərləri xalqın çağırışı, Azərbaycan dövlətinin rəhbərlərinin rəsmi dəvəti ilə ölkəyə gələrək Bakını işğaldan azad etməkdə həlledici rol oynayıblar. Eyni zamanda, müstəqil Azərbaycanın yeni yaranmaqda olan ordusu həmin döyüşlərdə fəal iştirak edib.
Yəni 15 sentyabr həm Türkiyə-Azərbaycan birliyi, həm də Azərbaycanın Milli Ordusunun yaranması baxımından önəmli gündür. Tarixçilər daha yaxşı bilirlər ki, uzun illər Bakını Azərbaycandan ayırmaq cəhdləri olub. Həm Rusiya imperatorluğu, həm də sovet dövründə bu cür cəfəng ideyalar olub ki, Bakının Azərbaycana aidiyyəti yoxdur, Azərbaycan ayrıca bir ölkədir, Bakı isə xüsusi iqtisadi, strateji əhəmiyyəti olan bir şəhərdir. Ona görə də bu şəhər ayrıca bir vahid kimi Rusiyanın, sovetlər birliyinin tərkibinə daxil olmalıdır. Stalinlər, mikoyanlar bu ideyanın tərəfdarları kimi çıxış ediblər.
Deməli, bu baxımdan da 1918-ci ilin 15 sentyabrında Bakının işğaldan azad edilməsi və müstəqil Azərbaycanın paytaxtı kimi rəsmiləşməsi sonrakı dövrlər üçün də öz təsirini göstərib”. İsa Qəmbərin sözlərinə görə, Bakının işğaldan azad edilməsi həm də bir şeyi sübut edir ki, milli iradə olan yerdə torpağı işğaldan azad etmək mümkündür: “Mən inanıram ki, zaman gələcək Qarabağımızı da işğaldan azad edəcəyik. Burada həm milli iradə, xalqımızın fədakarlığı rolunu oynayacaq, həm də Azərbaycanın strateji müttəfiqi, qardaş ölkə Türkiyə ilə əməkdaşlığımız da öz təsirini göstərəcək”.
Müsavat başqanı əlavə etdi ki, Azərbaycan müstəqil bir dövlət olaraq çağdaş dünyada öz yerini müəyyənləşdirməyi bacarmalıdır: “Azərbaycan Vaşinqtonla Moskva və başqa mərkəzlər arasında yersiz rəqslərə son qoyub dünya təhlükəsizlik sistemində öz yerini tutmağı bacarmalıdır. Bu yer də Müsavatın fikrinə görə, NATO-dur, Avropa Birliyidir. Bu yolu Türkiyə gedir, böyük bir hissəsini qət edib və çağdaş dünyada öz hörmətli yerini tutub. Bu yolu Azərbaycan da getməyi bacarmalıdır.
Azərbaycanın hakimiyyət dairələri də qərarlarını verməyi bacarmalıdırlar. Mən inanıram ki, biz bütün bu arzularımıza çatacağıq”.
Müsavat başqanının müavini, professor Qabil Hüseynli isə 15 sentyabra aparan yola geniş tarixi nəzər saldı: “Həmin dövrdə Türkiyənin qardaşlıq köməyi olmasaydı, Azərbaycanın milli istiqlalının qələbə çalması çox çətin olardı. Təkcə Osmanlı ordusunun Bakını erməni və rus işğalından azad etməsi tariximizdə milli istiqlalımıza bərabər ola biləcək hadisələrdən biridir. Çox təəssüf ki, həmin möhtəşəm tarix hələ də tarixi ədəbiyyatlarda özünün ətraflı əksini tapmayıb. Bu gün də rəsmi dövlət strukturları tərəfindən lazımi siyasi qiymətini almayıb, mən deyərdim ki, bizim tarixi günlərimiz sırasında özünün layiqli yerini tutmayıb. 15 sentyabr rəsmi bayramlarımız sırasına daxil edilməli bir gündür. Bakının işğaldan azad olunması 28 mayda elan edilən milli istiqlalımızın bütün ölkə ərazisinə yayılmasında və suverenliyimizin tam bərpasına yol açılan günüdür. Bakının işğaldan azad olunması ilə bizim əsas milli sərvətimiz olan neft üzərində milli hökumətimizin nəzarət etməsini təmin etdi. Eyni zamanda, Bakının yadelli şəhərə çevrilməsi prosesinin qarşısını aldı. Bakı faktiki olaraq erməniləşirdi və bu proses bütün ölkəyə yayıla bilərdi”.
Türkiyənin Azərbaycandakı səfirliyinin üçüncü katibi Cəvahir Akdemir Bakının işğaldan azad olunmasında türk əsgərlərinin qəhrəmanlıq göstərməsindən qürur hissi duyduğunu bildirdi və bu tarixi günü qeyd etdiyinə görə, Müsavat Partiyasına təşəkkür etdi: “Biz sentyabrın 12-də Göyçayda Bakının azad olunması ilə bağlı keçirilən törənlərdə iştirak etdik. Biz Türkiyə olaraq Bakının işğaldan qurtuluşunun bu şəkildə yad edilməsindən məmnunuq. Bu gün burada milli heysiyyatı çox güclü olan bir camiyənin Bakının işğaldan azad edilməsini qeyd etməsindən şərəf duyuruq”.
Daha sonra Müsavat Partiyasının Məclis üzvü, tarixçi alim Sabir Məmmədli və Xanım Xəlilova Bakının azad edilməsinin əhəmiyyətindən və tarixi nailiyyətindən danışdılar.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan bütün insanların xatirəsinin yad edilməsi və dövlət himnimizin oxunması ilə başa çatdı.musavat
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir