- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
PUTİN ÖMÜRLÜK HAKİMİYYƏTDƏ QALMAĞIN YENİ MODELİNİ TAPIB
BayBək, Azərbaycan | Thursday, 4th October , 2007 , 06:15 [am] | Dış Xəbərlər
![]() |
. | Rusiya prezidenti Vladimir Putinin gələcək siyasi planları nəhayət bəlli olub. O, bir gün əvvəl vaxtilə əsasını qoyduğu “Vahid Rusiya” partiyasının seçkiqabağı qurultayında çıxışı zamanı bəyan edib ki, qarşıdakı parlament seçkilərində partiyanın seçki siyahısına başçılıq etməyə hazırdır. Putin onu da deyib ki, gələn il prezident səlahiyyətlərini başa vurduqdan sonra hökumətə başçılıq etmək haqda təklifləri qəbul edə bilər. Doğrudur, Putin əlavə edib ki, onun baş nazir olması “Vahid Rusiya” Partiyasının dekabrın 2-də keçiriləcək parlament seçkilərində qalib gəlməsi və gələnilki prezident seçkilərində layiqli, birgə işləmək mümkün olan dövlət başçısının seçilməsindən asılıdır. Ancaq “Putin planı” artıq aydındır və bəlli olur ki, Rusiya prezidenti konstitusiyanı dəyişdirib üçüncü dəfə namizədliyini irəli sürməkdən imtina etsə də, ömürlük hakimiyyətdə qalmağın formulunu müəyyən edib. |
Rusiya prezidenti Vladimir Putinin gələcək siyasi planları nəhayət bəlli olub. O, bir gün əvvəl vaxtilə əsasını qoyduğu “Vahid Rusiya” partiyasının seçkiqabağı qurultayında çıxışı zamanı bəyan edib ki, qarşıdakı parlament seçkilərində partiyanın seçki siyahısına başçılıq etməyə hazırdır. Putin onu da deyib ki, gələn il prezident səlahiyyətlərini başa vurduqdan sonra hökumətə başçılıq etmək haqda təklifləri qəbul edə bilər. Doğrudur, Putin əlavə edib ki, onun baş nazir olması “Vahid Rusiya” Partiyasının dekabrın 2-də keçiriləcək parlament seçkilərində qalib gəlməsi və gələnilki prezident seçkilərində layiqli, birgə işləmək mümkün olan dövlət başçısının seçilməsindən asılıdır. Ancaq “Putin planı” artıq aydındır və bəlli olur ki, Rusiya prezidenti konstitusiyanı dəyişdirib üçüncü dəfə namizədliyini irəli sürməkdən imtina etsə də, ömürlük hakimiyyətdə qalmağın formulunu müəyyən edib.
Bununla da Putinin prezident postunda varisinin kim olacağı, onun prezident səlahiyyətlərini başa vurduqdan sonra Rusiya siyasətinə və hakimiyyətinə hansı yolla təsir edəcəyi haqda uzun müddətdir daxildə və xaricdə davam edən müzakirələrə son qoyulur. Çünki yeni prezidentin kimliyindən asılı olmayaraq artıq bəllidir ki, Putin hakim partiya vasitəsilə parlamentə nəzarət edəcək və baş nazir kimi hakimiyyətdə əslində birinci şəxs rolunu oynayacaq. Baxmayaraq ki, o heç bir partiyanın üzvü olmayacağını deyib. Müşahidəçilərin heç biri şübhə etmir ki, Putinin çıxışında bəyan etdiyi şərtlərdən hər ikisi təmin olunacaq: “Vahid Rusiya” partiyası parlament seçkilərində mütləq üstünlük əldə edəcək, prezident postuna isə Putinin göstərdiyi “layiqli” namizəd seçiləcək.
Məsələ ondadır ki, indiyədək Rusiyada güclü hökumət və parlament institutu mövcud olmayıb. Ölkədə bütün hakimiyyət faktiki olaraq prezidentin və onun nəzarət etdiyi Kreml komandasının əlində cəmləşib. Ancaq “Putin planı” Rusiyada hakimiyyət bölgüsünə yenidən baxılmasına səbəb olacaq. Putinin başçılıq etdiyi iqtidar partiyası parlamenti real hakimiyyət qoluna çevirəcək, baş nazir isə Putinin timsalında güclü siyasi fiqur olaraq icraedici hakimiyyətin əsas funksiyalarını öz üzərinə götürəcək. Xatırladaq ki, indiyədək Putinin prezident postunda varisi kimi beş namizədin adı çəkilir.
Baş nazirin birinci müavinləri Sergey İvanov və Dmitri Medvedev, indiki baş nazir Viktor Zubkov, baş nazirin müavini Sergey Narışkin əsas namizədlər sayılır. Putinin gələcək planını açıqlamasından sonra Zubkovun prezident olacağı ehtimalı daha da artıb. Çünki o siyasi yox, texniki fiqurdur və prezident postunda Putinə sərf edir. Beş il sonra Zubkov prezident seçkilərində kənara çəkilib Putinin yenidən hakimiyyət başına qayıtmasına şərait yarada bilər.
Putinin bitərəf olması onun iqtidar partiyasına başçılıq etməsinə və baş nazir olmasına mane olmur. Hər bir Rusiya vətəndaşı kimi onun da deputat seçilmək hüququ var. Onun “Vahid Rusiyanı” seçməsi ən çox Federasiya Şurasının rəhbəri, “Ədalətli Rusiya” partiyasının lideri Sergey Mironovun kefinə soğan doğrayıb. Çünki Putin onun partiyasını seçməyib. İndiyədək Mironov dəfələrlə təşəbbüs qaldırmışdı ki, Putin üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürsün. Ancaq onun təşəbbüsü eşidilmədi. Bununla belə Mironov hesab edir ki, Putinin son qərarından sonra ölkədə ikipartiyalı sistem yaranacaq və onun partiyası sol cinahdan iqtidarı dəstəkləyəcək.
Xarici mətbuat da Putinin “Vahid Rusiya”nın parlament siyahısına başçılıq etmək qərarını onun hakimiyyətdə uzun müddət qalacağının göstəricisi hesab edir. “The Times” yazır ki, Putinin səlahiyyət müddəti başa çatdıqdan sonra Rusiyada simvolik prezident seçiləcək, Putin isə güclü baş nazir olaraq ölkəni idarə edəcək. Qəzet hesab edir ki, Putin prezident kürsüsündə məhz Zubkovu görmək istəyir. “İstənilən qəfil xəstəlik yaşlı Zubkovu istefaya getməyə məcbur edə və beləliklə Putin qısa müddət sonra yenidən Kremlə qayıda bilər”. Bildirilir ki, Putin gözlənildiyi kimi beş il sonra deyil, hətta daha tez prezident kürsüsünə qayıda bilər. Bu o zaman baş verə bilərdi ki, Zubkov “səhhəti ilə bağlı” ölkəni idarə edə bilmədiyini elan edib vaxtındna əvvəl istefa versin.
Prezident kürsüsünə göz dikən Sergey İvanov və Dmitri Medvedev isə ambisiyalarını cilovlamalı olacaqlar. Çünki Putinin siyasətdə qalması onların heç birinə şans vermir.
“Putin planı” təkcə Rusiya üçün yox, antidemokratik MDB respublikaları üçün də presedent yarada bilər. Bir sıra MDB dövlət başçıları hakimiyyətdə ömürülük qalmağı təmin etmək üçün Putindən nümunə götürə bilərlər. İndiyədək MDB məkanında ömürlük prezidentliyin iki formulu sınaqdan keçirilib. Onlardan birini Türkmənistanın keçmiş prezidenti Saparmurat Niyazov tətbiq etmişdi. Ancaq Türkmənbaşı KQB zabiti Putindən fərqli olaraq, bunu mürəkkəb siyasi oyunlar və intriqalar yoluyla deyil, sadə üsulla - ölkənin parlamenti rolunu oynayan Xalq Məsləhətində özünü ömürlük prezident elan etdirməklə həyata keçirmişdi.
Qazaxıstanda isə prezident Nursultan Nazarbayev hakimiyyətdə ömrünün sonunadək qalmağın nisbətən incə metodunu fikirləşib tapıb. O, bir neçə ay əvvəl ölkə Konstitusiyasını dəyişdirərək bir şəxsin iki dəfədən çox prezident seçilməsinə qadağa qoyan maddənin indiki yox, gələcək prezidentlərə aid olmasını təmin edib. Beləliklə, Nazarbayev ömrünün sonunacan namizədliyini irəli sürə və təbii ki, qalib gələrək prezidentliyini davam etdirə bilər.
Ermənistanda isə gələn il prezident Robert Köçəryanın səlahiyyət müddəti başa çatır. O da siyasətdə qalmağın yollarını axtarır, bəzi məlumatlara görə, Köçəryan prezident səlahiyyətləri başa çatdıqdan sonra baş nazir olacaq, prezidentin isə indiki baş nazir Serj Sarkisyan olacağı gözlənilir. Ancaq çətin ki, Köçəryan baş nazir olaraq Putinin yerişini yerisin və Ermənistanda ambisiyalı Sarkisyanın prezident olduğu bir vaxtda hakimiyyətə nəzarət etsin.musavat
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir