- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
ABŞ-ın DƏSTƏYİ SÖZDƏN O YANA KEÇMİR
BayBək, Azərbaycan | Monday, 5th November , 2007 , 07:06 [am] | İç Xəbərlər
![]() |
. | Birləşmiş Ştatların dövlət katibi Kondoliza Rays Ankaraya gələrək dövlət rəhbərləri ilə görüşlər keçirdi. Eyni zamanda, BMT baş katibi Pan Gi Mun da türk rəsmiləri ilə görüşlər keçirmək üçün Ankaraya gəldi. Ardınca onların hər ikisi İstanbula gedərək orada İraqa qonşu ölkələrin toplantısına qatılacaq. Bu görüşlərdə əsas məsələ Türkiyənin İraqın şimalında PKK dəstələrinə qarşı ehtimali əməliyyatları və Türkiyənin İraq torpaqlarına bu məqsədlə qoşun yeritməsinin arzuedilməz olduğunu rəsmi Ankaraya təlqin etməkdir. |
Birləşmiş Ştatların dövlət katibi Kondoliza Rays Ankaraya gələrək dövlət rəhbərləri ilə görüşlər keçirdi. Eyni zamanda, BMT baş katibi Pan Gi Mun da türk rəsmiləri ilə görüşlər keçirmək üçün Ankaraya gəldi. Ardınca onların hər ikisi İstanbula gedərək orada İraqa qonşu ölkələrin toplantısına qatılacaq. Bu görüşlərdə əsas məsələ Türkiyənin İraqın şimalında PKK dəstələrinə qarşı ehtimali əməliyyatları və Türkiyənin İraq torpaqlarına bu məqsədlə qoşun yeritməsinin arzuedilməz olduğunu rəsmi Ankaraya təlqin etməkdir.
Rays Ankarada etiraz aksiyası ilə qarşılanmışdır. Türkiyənin PKK terroru ilə mübarizəsində strateji müttəfiq ABŞ-ın tutduğu mövqeyə bir sıra iri təşkilatların təmsilçiləri tərəfindən etiraz bildirilmişdir. Anadolu agentliyinin xəbərinə görə, dünən baş nazir Rəcəb Tayyip Ərdoğan ABŞ dövlət katibi Kondoliza Raysı qəbul etmiş, görüşə xarici işlər naziri Əli Babacan və Baş Qərargahın Özəl Hərəkat rəisi, korpus generalı Nüsrət Daşdələn də qatılmışlar.
Siyasi müşahidəçilərə görə, Kondoliza Raysın Ankaraya gəlişində başlıca məqsəd Türkiyə rəhbərliyini İraqın şimalına kürd terrorçu dəstələrinin ləğvinə yönəlik transsərhəd əməliyyatı niyyətindən döndərməkdir. Lakin bunun qarşılığında Amerika nə isə etməlidir, bunun detalları açıqlanmır. Yalnız o bəllidir ki, verilən açıqlamalara görə, ABŞ kəşfiyyat peykləri İraqın şimalında PKK dəstələrinin hərəkətləri, yerləşdikləri nöqtələr barədə türk tərəfinə informasiyalar ötürməyə başlamışdır. Digər bir detal barədə ABŞ dövlət katibinin müavini Metyu Brayza danışmışdır. O, “Hürriyyət” qəzetinə müsahibəsində Raysın “PKK-nın ləğvinə yönəlik konkret addımlar atacağını” söyləmiş, lakin məhz nə kimi “konkret addımlar”dan söhbət getdiyini dəqiqləşdirməmişdir.
Rusiya politoloqları hesab edirlər ki, ABŞ bu məsələdə Türkiyəyə siyasi dəstəklə kifayətlənəcək, bundan o yana getməyəcək. Məsələn, Yaxın Şərq İnstitutunun direktoru Yevgeni Satanovski “Novosti” agentliyinə belə bir mülahizə söyləmişdir. “ABŞ nə kürdləri, nə də Türkiyə hökumətini incik salmağı özünə rəva görə bilməz. Çox ehtimal ki, onların rolu - ehtiyatlı sülhyaradıcı rolu olacaq. ABŞ Səddam Hüseynin aviasiyasının İraqın şimalına təsir imkanlarını aradan qaldıran vaxtdan bəri Kürdüstan de-fakto müstəqil anklavdır və amerikalılar bu situasiyanı saxlamaq istəyirlər.
Bu ərazidən gələcəkdə qoşunların İraqın mərkəzi hissəsindən çıxarılmasında, eləcə də İrana zərbə endirilməsi üçün platsdarm kimi istifadə edilə bilər”, - deyə Satanovski hesab edir. Lakin bununla bərabər, Satanovski belə bir perspektivi mümkün sayır ki, əgər PKK tərksilah edilməyəcəksə, onun fəaliyyətinə son qoyulmayacaqsa, onların təqribən 3,5 min nəfərə hesablanmış düşərgələri ləğv edilməyəcəksə, deməli, hərbi əməliyyat olacaq. Bu mülahizələri Rusiyada başqa hərbi analitiklər də bölüşürlər.
Türkiyənin qarşıya qoyduğu bu şərtləri İraqın mərkəzi hökuməti yerinə yetirmək iqtidarında deyil, çünki onun səlahiyyəti Bağdaddan o yana işləmir. İraqın şimalındakı mövcud idarə isə bunu etməyəcəyini açıq şəkildə bildirmişdir. Onlar yayındırıcı bəyanatlar verməklə kifayətlənirlər. ABŞ-a gəldikdə, onlar da PKK-ya qarşı açıq əməliyyatlara getməkdən imtina edirlər. Bu bir yana, bir müddət öncə xəbərlər vardı ki, ABŞ qoşun bölmələri İraqın mərkəzi qismində və Bağdadın özündə müqavimətçilərə qarşı döyüşlərdə PKK-çı muzdlulardan istifadə edir.
Anadolu agentliyinin xəbərinə görə, dünən ABŞ-ın İraqdakı qüvvələrinin “iki nömrəli” komandanı, korpus generalı Ray Odiyerno belə bir açıqlama verib ki, onlar PKK-ya güclü təlqinlər etmişlər ki, silahı yerə qoysunlar və tutduqları 8 türk əsgərini sərbəst buraxsınlar.
Dünən Rays baş nazir Ərdoğanla görüşünün ardından xarici işlər naziri və baş müzakirəçi Əli Babacanla görüşmüş və bu görüşün sonunda ortaq mətbuat konfransı keçirmişlər. Əli Babacan amerikalı həmkarı ilə regional problemləri, İraq və quzeyi, terror təşkilatı ilə bağlı məsələ, Livan və Yaxın Şərq sülh prosesi, ABŞ konqresinə gətirilən “erməni soyqırımı” qətnaməsi müzakirə edildiyini, “iki ölkənin hədəfinin eyni olduğunu bir daha təsdiqlədikləri”ni söyləmişdir.
Öz növbəsində Kondoliza Rays terror təşkilatı ilə bağlı “təsirli addım atılmasının vacibliyi məsələsində ortaq fikirdə olduqları”nı, “ABŞ-ın PKK-nı bir terror təşkilatı olaraq gördüyünü və onun ortaq düşmən olduğu”nu demişdir. “Çünki PKK İraqın sabitliyi, ABŞ və Türkiyənin güvənliyi üçün də təhdidedici ünsürdür”, - deyə Rays vurğulamışdır.
Bunlar, əlbəttə, ümumi və gəlişigözəl diplomatik ibarələrdir. Türkiyə öz strateji müttəfiqindən və eləcə də qonşusu İraqdan “təcili və konkret addımlar” gözləyir və bunda israrlıdır. Ankaranın ABŞ dövlət katibinin bu gəlişindən gözlədiklərini alıb-almadığı deyilmir. Qarşıda, noyabrın 5-də Ərdoğan - Buş görüşü dayanır. Çox şey məhz Ərdoğanın Vaşinqtondan hansı “yük”lə qayıtdığından sonra bəlli olacaq.
Verilən xəbərlərə görə, dünən İstanbulda İraqa qonşu ölkələrin yüksək mənsəbli təmsilçilərinin qatıldığı konfrans öz işinə başlamışdır. Toplantıya Türkiyə, İraq, Bəhreyn, Kanada, Çin, Misir, Fransa, Almaniya, İran, İtaliya, Yaponiya, İordaniya, Küveyt, Rusiya, Səudiyyə Ərəbistanı, İngiltərə, ABŞ və Suriya yetkililəri qatılırlar. Təkcə Azərbaycan yoxdur, baxmayaraq ki, İraqda 3 milyona yaxın Azərbaycan türkcəsində danışan soydaşımız çox ağır bir durumdadır.ayna
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir