- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

AHISKA TÜRKLƏRİNİN REPATRİASİYASI LƏNGİYİR

BayBək, Azərbaycan | Tuesday, 5th June , 2007 , 06:02 [am] | İç Xəbərlər

. 1944-cü ilin şaxtalı qış aylarında Beriyanın təşəbbüsü, Stalinin əmri ilə Gürcüstanın Adıgün, Ahıska, Aspınza (Əspincə), Ahılkələk və Boqdanovka (Hocabəy) rayonlarında yaşayan türklər öz dədə-baba yurdlarından kütləvi şəkildə sürgün edildilər. Onlar 1941-1944-cü illər ərzində tikdikləri Borcom-Vale dəmir yolu ilə öz doğma torpaqlarını tərk etməli olublar. Bütün bunlara baxmayaraq, Stalinin “etibarsız xalq” damğası vuraraq Orta Asiyaya sürgün etdiyi Ahıska türkləri digər repressiya olunmuş xalqlarla birlikdə Almaniyanın SSRİ-yə hücumunu ümumxalq faciəsi kimi qəbul etmiş və ölkənin müdafiəsinə qalxmışlar.


1944-cü ilin şaxtalı qış aylarında Beriyanın təşəbbüsü, Stalinin əmri ilə Gürcüstanın Adıgün, Ahıska, Aspınza (Əspincə), Ahılkələk və Boqdanovka (Hocabəy) rayonlarında yaşayan türklər öz dədə-baba yurdlarından kütləvi şəkildə sürgün edildilər. Onlar 1941-1944-cü illər ərzində tikdikləri Borcom-Vale dəmir yolu ilə öz doğma torpaqlarını tərk etməli olublar. Bütün bunlara baxmayaraq, Stalinin “etibarsız xalq” damğası vuraraq Orta Asiyaya sürgün etdiyi Ahıska türkləri digər repressiya olunmuş xalqlarla birlikdə Almaniyanın SSRİ-yə hücumunu ümumxalq faciəsi kimi qəbul etmiş və ölkənin müdafiəsinə qalxmışlar.

İkinci Dünya müharibəsi zamanı 40 mindən artıq Ahıska türkü alman faşiziminə qarşı mübarizə aparıb.
Orta Asiyaya sürgün edilmiş xalq 1989-cu ildə ikinci dəfə kütləvi deportasiya ilə üzləşib. Bu dəfə onlar Azərbaycan, Ukrayna, Rusiya, Avropa və Qərb ölkələrindən sığınacaq istəmək məcburiyyətində qalıblar. Amma bu da ahıskalıların fəciələrinin sonu olmur.

Belə ki, 1989-cu ildə Xocalı şəhərinə pənah gətirmiş yüzlərlə Ahıska türkü azərbaycanlılarla birlikdə 1992-ci il fevralın 26-da ermənilər tərəfindən soyqırıma məruz qalıb.

Bu tarixi xronologiyanı “Ayna”ya Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində olan Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanlıların deportasiyası və soyqırımı tarixi” şöbəsinin elmi işçisi Sevil Piriyeva bildirdi. S.Piriyeva uzun illərdir Ahıska türklərinin tarixi ilə bağlı araşdırma işləri aparıb. Sevil xanım “Bu qan yerdə qalmaz”, “Ata yurdum Ahıska”, “Türk dünyası və ata yurdum Ahıska” və “Ahıska türkləri Azərbaycanda” adlı kitabların və bir sıra məqalələrin müəllifidir. O, tarixi araşdırmalar aparmaqla bəzi gürcü, rus, erməni və digər millətlərdən olan sosioloqları və tarixçiləri ifşa etmiş, illər boyu üzləşdikləri haqsızlıqlara və soyqırımlara rəğmən Ahıska türklərinin əsl vətənpərvər, sülhsevər millət olduğunu sübut etmişdir.

“Ahıska türkləri hələ də doğma dədə-baba yurdlarına qayıtmaq ümidi ilə yaşayırlar. Çünki tarix sübut edir ki, ahıskalılar əslində Stalinin və Beriyanın torpaq uğrunda apardıqları siyasi iddiaların qurbanı olublar”, - deyə S.Piriyeva bildirdi.

Ahıska Türklərinin “Vətən” Cəmiyyətinin sədri İbrahim Burhanov isə məsələyə qanun çərçivəsində münasibət bildirdi. Onun sözlərinə görə, Gürcüstan hökuməti 1999-cu ildə Avropa Şurası qarşısında götürdüyü öhdəliyi hələ də yerinə yetirməyib:
“1999-cu ilin mart ayında Avropa Şurası Gürcüstan Respublikası qarşısında Ahıska türklərinin şərtsiz geriyə, yəni öz torpaqlarına qəbulu barədə öhdəlik qoydu. Öhdəlikdə həmçinin 2 il müddətində hüquqi bazanın qurulması və 10 il ərzində repatriasiyanın (geri qaytarılma) təmin edilməsi qeyd olunmuşdu. Bu öhdəliyin müddətindən 8 il keçməsinə baxmayaraq, Gürcüstan hökuməti Ahıska türklərinin geriyə dönməsinin hüquqi bazasını hələ də qurmayıb. Ahıska türklərinin geriyə dönməsi ilə bağlı layihə hazırlanıb Gürcüstan parlamentinə təqdim olunub. Amma parlamentdə bu məsələ hələ də müzakirəyə çıxarılmayıb”.

İ.Burhanovun sözlərinə görə, bu ilin iyun ayında Gürcüstan parlamentində repatriasiya ilə bağlı müzakirələr keçirilməsi nəzərdə tutulub: “Gürcüstan parlamentinin bir çox üzvləri ilə görüşlər keçirmişik. Onların bəziləri bu məsələnin həllinə isti münasibət göstərmir. Məsələn, Nino Burcanadzeni də bu siyahıya daxil etmək olar. Burcanadze dəfələrlə çıxışında bildirib ki, Ahıska türkləri Gürcüstana qayıdarsa, onların ermənilərlə problemləri yaranacaq. Hər dəfə Ahıska türklərinin problemləri beynəlxalq təşkilatlar qarşısında qaldırıldıqda Burcanadze Ahılkələk məsələsini ortaya çıxarır. O çox gözəl bilir ki, Ahıska türklərinin 224 (onlardan 70-i qismən, 50-si tamamən zəbt edilib) kəndindən 21-i Ahılkələkdədir, digərləri isə problemsiz bölgələrdədir. Mən hesab edirəm ki, bu, məsələyə düzgün yanaşma deyil. Amma son zamanlar Burcanadze, deyəsən, bu iddiasından əl çəkib. Belə ki, artıq Ahıska türklərinin repatriasiyası Burcanadzenin imzası ilə Gürcüstan parlamentində bu ilin iyun ayında müzakirəyə çıxarılmalıdır”.

“Vətən” Cəmiyyətinin sədri həmçinin bildirdi ki, ahıskalılar repatriasiyaya heç də Ahılkələkdən başlamaq istəmirlər: “Biz köç prosesini heç də ermənilər olan bölgədən, yəni Ahılkələkdən başlamaq istəmirik. Mesxetiya bölgəsində ermənilər çox azdır və orada bizim 82 kəndimiz boşdur.

Həmin kəndlərdə evlər tamamilə sökülüb, hətta bəzi yerlərdə məzarlıqlar belə dağıdılıb. Biz repatriasiyaya məhz bu bölgədən başlamaq istəyirik.

Tədricən inteqrasiya getdikdən bir neçə il sonra Ahılkələkdə olan kəndlərimizə qayıtmağı nəzərdə tuturuq. Amma Gürcüstan geri qayıtmaq prosesini başqa cür planlaşdırıb. Onlar bizi öz dədə-baba torpaqlarımıza deyil, bütün Gürcüstan ərazilərinə səpələmək istəyirlər. Biz isə bununla razı deyilik və repatriasiyanın ilkin prosesinin öz tarixi torpaqlarımızdan başlanmasını istəyirik”.

Xatırladaq ki, Gürcüstandan sürgün edilmiş Ahıska türklərinin dünya üzrə statistik göstəricisi 500 mindən artıqdır ki, onlardan 70 min nəfəri Azərbaycanda, 65 mini Rusiyada, 200 mini Qazaxıstanda, 70 mini Özbəkistanda, 50 mini Qırğızıstanda, 20 mini Ukraynada, 50 mini Türkiyədə, 13 mini isə (Krasnodar vilayətindən getmiş) Amerika Birləşmiş Ştatlarında məskunlaşıb. ayna

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_191.azr
azeribaybak[at]gmail.com