- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
YEREVANDA ANTİAZƏRBAYCAN KONFRANSI KEÇİRİLƏCƏK
BayBək, Azərbaycan | Ortagün, 30th Avqust , 2007 , 06:16 [gü] | İç Xəbərlər
![]() |
. | Konfrans iştirakçılarından biri, tarix elmləri namizədi, “Şamil Fondu” idarə heyətinin üzvü, Dağıstan Dövlət Universitetinin professoru Timur Aytberov “Regnum”a bildirib ki, etnik dağıstanlıların əsas xüsusiyyətlərində özlərinin həqiqi keçmişini bilmək və bu yolla müasir Qafqaz aləmində öz yerlərini bilmək səyləri mövcuddur. |
Sentyabrın 3-5-də Yerevanda Ermənistan təhlükəsizlik xidmətinə bağlı “Mitk” analitik mərkəzi Ermənistan EA Şərqşünaslıq İnstitutu ilə birgə “Qafqaz Albaniyasının dövlətçiliyi və onun etno-mədəni irsi” mövzusunda birinci beynəlxalq konfrans keçirəcək. Bu barədə məlumat verən erməniyönlü “Regnum” xəbər agentliyinin məlumatına görə, konfransın əsas məqsədi Qafqaz Albaniyasının etnik tərkibi, mədəniyyəti, sərhədləri və gerçək etno-siyasi hüquqi varisləri barədə ümumi tarixi konsepsiyanın hazırlanması üçün əsasların yaradılmasıdır.
Konfrans iştirakçılarından biri, tarix elmləri namizədi, “Şamil Fondu” idarə heyətinin üzvü, Dağıstan Dövlət Universitetinin professoru Timur Aytberov “Regnum”a bildirib ki, etnik dağıstanlıların əsas xüsusiyyətlərində özlərinin həqiqi keçmişini bilmək və bu yolla müasir Qafqaz aləmində öz yerlərini bilmək səyləri mövcuddur.
“Digər tərəfdən, burada azərbaycanlıların da öz baxışları var. Onların məqsədi Albaniya barədə mifik görüşlərdən bütün istiqamətlər üzrə - Dərbənd, Tbilisi, Telavi və Yerevan istiqamətində ərazi işğalını həyata keçirmək üçün istifadə etməkdir. Azərbaycanlıların məqsədi bütün Qafqaz torpaqlarını ələ keçirməkdir”, - deyə Aytberov iddia edib.
Bu cənabın təbəssüm doğuran heyrətamiz iddialarına görə, Azərbaycan Şərqi Qafqaza münasibətdə Osmanlı imperiyasının XIX əsrin sonu XX əsrin əvvəllərində yürütdüyü siyasəti həyata keçirir (?). Bu siyasətin mahiyyəti Təbrizdən Rusiyanın Kabardasına (Kabardin-Balkar nəzərdə tutulur - red.) qədər Azərbaycan dilinin bazasında bufer dövlət yaratmaqdır (?). Bu səbəbdən “tarixçi” belə bir vahiməli fikrə düşüb ki, “Azərbaycan elitası, o cümlədən ziyalılar həmişə dağıstandilli xalqların məhv edilməsinə çalışacaq (?). Bu onların tam assimilyasiyası və ya doğma yerlərindən qovulması hesabına olsa belə (?). Bu, Azərbaycan azərbaycanlılarının qonşu dağıstandilli qonşularla münasibətləri məsələsində əsas məqamdır”…
Ermənilərin hardansa tapdıqları bu “tarixçi” əlavə bir sıra cəfəng iddialarda da bulunub: “Yerli avarların muğallarla (?) münasibətlərini yaxşı adlandırmaq olar. Muğallar avarların özünü və mədəniyyətini qəbul edirlər. Avarların naxçıvanlılarla və digər cənubdan bu yaxınlarda gəlmişlərlə isə münasibətləri sərindir”. Professor bildirir ki, “sovet dövründə Azərbaycanda yerləşmiş dağıstandilli qəbilələr və xalqlar bir-iki nəsildən sonra, yəqin ki, yoxa çıxacaqlar” (?).
“Onlardan islama sadiq qalanlar hazırda fəal şəkildə assimilyasiya olunurlar. Onlar doğma ləzgilərlə deyil, yad türk dünyası ilə, azərbaycanlılarla assimilyasiya olunurlar. Qoy azərbaycanlılar azərbaycanlılarla, iranlılar iranlılarla, ləzgilər isə ləzgilərlə birləşsin. Amma Azərbaycan məsələnin düzgün və ədalətli həllinə mane olmağa çalışır və ləzgiləri məqsədyönlü şəkildə türkləşdirir (?). Şərqi Qafqaz regionunda sayı təxminən 1 milyona çatan ləzgilər və avarlar qarşısında digər problemlər durur. Azərbaycan hakimiyyəti sovet “çubuğu”ndan istifadə edərək 1920-ci illərdə 100 min avar və ləzgidilli insanı azərbaycanlılaşdırıblar. Onları doğma dilindən məhrum ediblər. Hazırda ləzgilərin və avarların milli özünüdərkinin artdığı vaxtda Bakı bu iki xalqı Rusiya Federasiyasına sıxışdırmaq məqsədindədir”, - deyə Aytberov daha sonra iddia edib.
“Qeyd edilən xalqları, xüsusilə avarları büdcə, idman sahəsinə buraxmırlar. Dövlət gücünə onların biznesini məhv etməyə, neft dollarları hesabına torpaqlarını almağa çalışırlar”, - deyə tarixçi bildirib. O qeyd edib ki, Bakı milyonçuları ləzgi kəndlilərinin torpaqlarını alırlar. Onun sözlərinə görə, vəziyyətdən “ədalətli çıxış yolu Zaqatala və Quba muxtariyyətinin yaradılmasıdır. Dağıstanda Azərbaycan dilinə dövlət statusu verilibsə, onda Azərbaycanda avar və ləzgi dillərinə Zaqatala dairəsi, Quba qəzası və Qəbələ sahəsində dövlət statusu verilməlidir”.
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ərəb ölkələri tarixi bölməsinin rəhbəri Ələkbər Ələkbərovun sözlərinə görə, Qafqaz Albaniyasının tarixi və siyasi irsi mövzusunda müzakirələrin aktivləşməsi bütün Cənubi Qafqazda ictimai-siyasi proseslərin fəallaşması ilə bağlıdır. Buraya Ermənistan və Azərbaycanın Dağlıq Qarabağ problemi üzrə qarşıdurmasının yeni mərhələsi, beynəlxalq vasitəçilərin, o cümlədən Minsk qrupunun tərəfləri qane edəcək həllə bağlı səylərinin iflasa uğraması daxildir.
Azərbaycanda yaşayan xalqlarla münasibətlərə toxunan Ələkbərov bildirib: “Əvvəlki prezident dövründə Azərbaycanda ümumi vəziyyət pis idi. Hazırda müxtəlif amillərin təsiri ilə bəzi müsbət dəyişikliklər baş verir. Amma bu sahədə müxtəlif səciyyəli ziddiyyətlər qalmaqda davam edir. Yeni problemlərdən biri, bu, gələcəkdə daha kəskinləşə bilər, Rusiya və Azərbaycan arasında dövlət sərhədinin olması ilə bağlıdır. Bu sərhəd faktik olaraq Cənub-Şərqi Qafqazın köklü xalqlarının bölünməsidir”.
Ə.Ələkbərov Azərbaycanda etnik azlıqlara münasibətdə millətçi siyasət yürüdülməsi barədə KİV-də dərc olunan məlumatlara inanmadığını bildirib. Eyni zamanda, Şərqşünaslıq İnstitutunun Şimali Qafqazın müqayisəli öyrənilməsi qrupunun işinə rəhbərlik etdiyini bildirən Ələkbərov ötən il qrupun üzvlərinin Azərbaycanda olduğunu bildirib. “Tədqiqatların nəticəsi yaxın illər ərzində dərc olunacaq”, - deyə o bildirib.
Qeyd edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyində dağıstanlı Timur Aytberovun açıqlamalarını cəfəngiyat hesab edirlər. “Onun söylədiklərinin, demək olar ki, hamısı tarixə, hazırkı reallıqlara ziddir. Bu açıqlamalar təxribat və qeyri-elmi xarakter daşıyır. Xarici İşlər Nazirliyi bu kimi cılız təxribatların tələsinə düşməyəcək”, - deyə XİN mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim “Ayna”ya bildirdi.ayna
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir