- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

HAKİMİYYƏT YAP-ı DAĞIDIR

BayBək, Azərbaycan | Yeygün, 22nd Fevral , 2008 , 15:46 [ax] | İç Xəbərlər

. Hakimiyyətin Yeni Azərbaycan Partiyasına (YAP) “stavka” etməməsi, kadr təyinatında bu qurumun funksionerlərindən istifadə olunmaması sirr deyil. 2003-cü ilin prezident seçkilərindən sonra YAP-da baş verən prosesləri təhlil etdikdə, ümumiyyətlə, belə qənaət formalaşır ki, bu partiyanın tamamilə sıradan çıxarılması qərarı verilib. YAP-ın əsas qurucularından biri olan sabiq səhiyyə naziri Əli İnsanovun,


Hakim partiyanın qurucuları və əsas sosial bazası olan tibb personalı repressiyalara məruz qalır.

Hakimiyyətin Yeni Azərbaycan Partiyasına (YAP) “stavka” etməməsi, kadr təyinatında bu qurumun funksionerlərindən istifadə olunmaması sirr deyil. 2003-cü ilin prezident seçkilərindən sonra YAP-da baş verən prosesləri təhlil etdikdə, ümumiyyətlə, belə qənaət formalaşır ki, bu partiyanın tamamilə sıradan çıxarılması qərarı verilib. YAP-ın əsas qurucularından biri olan sabiq səhiyyə naziri Əli İnsanovun, YAP Siyasi Şurasının üzvü Fərhad Əliyevin həbsi hakimiyyətdaxili münasibətlərin təzahürü olmaqla yanaşı, həm də hakim partiyanın zəiflədilməsi yönündə atılan ilk addım kimi dəyərləndirilir. Heç kəsə sirr deyil ki, sabiq səhiyyə naziri YAP-ın güclənməsi üçün var qüvvəsilə çalışıb.

O, 300 min nəfərlik tibb personalının təxminən 80 faizini Yeni Azərbaycan Partiyasının üzvü etmişdi. Səhiyyə Nazirliyi sistemində çalışanlar YAP-ın əsas sosial bazası hesab olunurdu. Amma hazırda bu elektorata qarşı repressiya həyata keçirilir. Mövcud qanunvericilikdə dövlət tibb müəssisələrində müayinə və müalicənin pulsuz olması birmənalı şəkildə öz əksini tapsa da, səhiyyə naziri cənab Oqtay Şirəliyev bununla bağlı sərəncam imzaladı. Ki, fevralın 1-dən bütün tibb müəssisələrində pullu xidmət ləğv edilir. Bu qərarın nəyi dəyişəcəyi və nəyi dəyişməsi ilə bağlı şərh vermək istəməzdik. Amma hörmətli səhiyyə nazirinin əmrindən sonra həkimlərə qarşı başlanan xüsusi kampaniya sadə məsələyə oxşamadığından bunun üzərindən sükutla keçmək mümkün deyil.

Yuxarıda qeyd etdiyimiz kimi, sabiq səhiyyə naziri Ə.İnsanovun 2005-ci ilə qədərki siyasi fəaliyyəti, baxışları nəticəsində tibb işçilərinin əksəri YAP-a üzv edilmişdi. Seçki kampaniyasında, digər siyasi proseslərdə hakimiyyət bu bazasının xidmətlərindən daha çox yararlanırdı. İndi isə YAP-ın əsas sosial bazasının başına müsibətlər gətirilir. Səhiyyə nazirinin əmrindən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları xəstəxanalarda gizli əməliyyatlar keçirməyə başlayıblar. Pasient qismində həkimin qəbuluna düşən əməliyyatçılar həkimə pul təklif edir və onu “rüşvətxor” damğası ilə məsuliyyətə cəlb edirlər. Aldığımız məlumatlara görə, indiyədək bir neçə həkim yaxanalıb və barəsində cinayət işi başlanıb, yaxud işdən kənarlaşdırılıb. Artıq vəziyyət o yerə çatıb ki, hansısa “əməliyyata” məruz qalmamaq üçün həkimlər işə çıxmaq istəmirlər. Bir çox həkimlər ya xəstə qəbul etməkdən imtina edir, ya da müxtəlif bəhanələrlə işə getmirlər.

Biz qətiyyən o iddiada deyilik ki, həkimlər xəstələrdən pul almalıdır. Amma necə deyərlər, imam üçün ağlayanda, Yezid üçün də ağlamaq lazımdır. Nəzərə alsaq ki, hazırda həkimlər 50-60 manat, tibb bacıları 25-30 manat civarında əməkhaqqı alır, onları xəstənin əlinə baxmağa görə qınamaq olduqca çətindir. Xəstəxanalarda ideal və dünya standartlarına cavab verən mühit formalaşdırmaq üçün ilk növbədə həkimlərin məvacibini heç olmasa, MDB ölkələri səviyyəsinə qədər qaldırmaq lazımdır. Bu məsələnin tamam başqa tərəfidir və buna digər yazılarımızda toxunacağıq. Hələlik, həkimlərin repressiyalara məruz qoyulmasında siyasi çalarların olmasına diqqət yetirək.

Heç şübhəsiz ki, ağ xalatlıların başına gətirilən haqlı-haqsız müsibətlər onlarda bu hakimiyyətə, o cümlədən illərdir təbliğatını apardıqları, üzvü olduqları Yeni Azərbaycan Partiyasına qarşı nifrət hissi formalaşdıracaq. Bu kampaniyaya xüsusilə seçki ilində başlanılması təsadüfi ola bilməz. Aşağıda qeyd edəcəyimiz digər məqamlar da təsdiqləyir ki, tibb personalını təzyiqlərə məruz qoymaqda məqsəd Yeni Azərbaycan Partiyasının əsas dayaqlarından birini sarsıtmağa hesablanıb…

Yeni Azərbaycan Partiyasının zəiflədilməsində, onun sosial bazasının təzyiqlərə məruz qoyulmasında məqsəd nə ola bilər? Bu suala cavab verməzdən öncə YAP-ın digər dayağının sarsıdılması ilə bağlı kampaniyaya diqqət yetirək.

Bir neçə gün öncə mətbuatda mərhum Heydər Əliyevin hakimiyyətə gətirilməsində müstəsna rol oynamış “91-lər”dən daha ikisinin - Əsədulla Qurbanov və Ariz Abduləliyevin partiyadan çıxarılması ilə bağlı məlumata rast gəlindi. YAP-çı deputat Siyavuş Novruzov bu informasiyanı təsdiqləyərək bildirdi ki, Ə.Qurbanovla A.Abduləliyev YAP-dan indi yox, 6 ay öncə çıxarılıblar. S.Novruzov onları, partiyanın siyasi xəttinə qarşı çıxdıqlarına görə YAP-dan kənarlaşdırıldıqlarını söyləyib. Əsədulla Qurbanov isə “Gün səhər” qəzetinə verdiyi açıqlamasında bildirib ki, partiyadan kənarlaşdırılması 2005-ci ilin parlament seçkiləri ilə bağlıdır. Belə ki, o, namizədliyini irəli sürdüyü dairədə baş verən saxtakarlıqlara etiraz edib. Bundan sonra onu gecəykən çalışdığı Bakı Dövlət Universitetinə çağırıblar.

Orada Ə.Qurbanovu YAP-ın Yasamal rayon təşkilatının sədri qarşılayıb və məlum çıxışlarına görə partiyadan çıxarıldığını deyib. Bu vəziyyətə aydınlıq gətirmək üçün Ə.Qurbanov YAP sədrinin müavini Əli Əhmədovun qəbuluna düşmək istəsə də, birinci onu qəbul etməyib. Ə.Qurbanov bundan sonra YAP-a ayaq basmayıb: “İndi deyirlər ki, məni partiyadan çıxarıblar. Amma, 92-ci ildə Heydər Əliyevin partiya üzvü olmağımla bağlı verdiyi vəsiqə hələ məndədir”…

Ə.Qurbanov A.Abduləliyevi də müdafə edib: “O da haqqını tələb edirdi. Hesab etmirəm ki, ali rəhbərimiz də barəmizdə bu cür düşünür. Bəlkə ona yalan məlumat verirlər. Hesab edirəm ki, YAP rəhbərliyində olan şəxslər ağıllı və savadlı adamların, xüsusilə ”91-lər”in orada olmasını istəmirlər. Bu yolla bizi susdurmaq istəyirlər, amma bu, mümkün deyil”.

Nəzərə çatdıraq ki, 2003-cü ildən sonra H.Əliyevin “YAP-ın Qızıl Fondu” adlandırdığı “91-lər”ə qarşı xüsusi kampaniya başlayıb. Qurbanov və Abduləliyevdən başqa, “91-lər”dən olan Sirus Təbrizli, Əli Əlirzayev də YAP-dan uzaqlaşdırılıblar. Bundan başqa Şahlar Əsgərov, Zahid Qaralov da “vurulublar”. Ən acı aqibəti isə Əli İnsanov yaşayıb. 1997-ci ildə güllənənən Ziya Bünyadovun qətlilə bağlı müəmma isə hələ də davam edir. Ümumiyyətlə, YAP üçün can yandıranları bütünlüklə oyundankənar vəziyyətə salmaqda davam edirlər.

Görünən budur ki, YAP-ın əsas dayaqları məqsədli şəkildə sarsıdılır. Bir yandan Ə.İnanovun əsas bazaya çevirdiyi tibb personalını özlərindən incik salırlar, bir yandan “91-lər”i bir-bir neytrallaşdırırlar, bir yandan da YAP-da ikitirəlik hökm sürür. Bunlar nəticə etibarilə Yeni Azərbaycan Partiyasının tamamilə məhvinə səbəb olacaq amillərdir.

İndi isə qayıdaq YAP-ın dağıdılmasında hansı məqsəd güdülməsi məsələsinə.

Xeyli vaxtdır ki, ölkədə ikinci iqtidar partiyasının yaradılması prosesinin getməsi barədə məlumatlar verilir. Artıq bəlli olub ki, ikinci hakimiyyət təşkilatı olacağı bildirilən Demokratik Azərbaycan Dünyası Partiyasının təşkilatlanmasına icra strukturları da dəstək verirlər.

YAP-ın dayaqlarının sarsıdıldığı bir vaxtda bu prosesin getməsi onu deməyə əsas verir ki, YAP ən çoxu 2008-ci ilin prezident seçkilərində hakim partiya kimi nüfuzlu olacaq. 2008-dən sonrakı dövr üçün isə yeni təşkilat formalaşdırılması planı mövcuddur və bu istiqamətdə görülən işlər barədə yuxarıda qeydlər etdik. Yeni iqtidar partiyasının 2010-cu ilin parlament seçkilərində daha da parlayacağı və Milli Məclisdə üstünlük əldə edəcəyi ehtimalı böyükdür. Qərar ondan ibarətdir ki, yeni hakimiyyət təşkilatında Qərbi azərbaycanlılar və naxçıvanlılar deyil, ən müxtəlif rejionlardan olan insanlar - rusdilli elita, indiyədək siyasi proseslərdən kənarda saxlanılan kəsim daha böyük faiz təşkil etsin.musavat

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2175.azr
azeribaybak[at]gmail.com