- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Çirkli pulların leqallaşdırılmasına qarşı mübarizə sərtləşdiriləcək
BayBək, Azərbaycan | Friday, 6th June , 2008 , 21:36 [pm] | İç Xəbərlər
![]() |
. | Çirkli pulların leqallaşdırılmasının qarşısını almağa yönələn “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsi yaz sessiyasının sonuna qədər birinci oxunuşda qəbul olunacaq. Bu barədə iyunun 5-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının iclasında məlumat verildi. Daimi komissiyanın sədri Əli Hüseynov bildirdi ki, bu qanunun qəbul edilməsi Azərbaycanın Avropa Şurası və digər beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliyə uyğundur. |
Qüdrət Həsənquliyev: “Qanun qəbul edilərkən nəzərə alınmalıdır ki, cinayətkar yolla pul qazananların böyük əksəriyyətinin özlərinin bankları var”
Çirkli pulların leqallaşdırılmasının qarşısını almağa yönələn “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsi yaz sessiyasının sonuna qədər birinci oxunuşda qəbul olunacaq. Bu barədə iyunun 5-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının iclasında məlumat verildi. Daimi komissiyanın sədri Əli Hüseynov bildirdi ki, bu qanunun qəbul edilməsi Azərbaycanın Avropa Şurası və digər beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliyə uyğundur.
Bundan əlavə, korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında və hazırda icra olunan şəffalığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyada da belə bir qanunun qəbul olunması əksini tapıb. Əli Hüseynov dedi ki, əslində Azərbaycan bu qanunu qəbul etməkdə bir qədər gecikib. İndiyədək qanun layihəsinin hazırlanması üçün işçi qrup bir neçə beynəlxalq görüşlər keçirib, xarici ölkələrin təcrübəsi öyrənilib. Avropa Şurasının Nazirlər Komitəsi də bir neçə dəfə sözügedən qanun layihəsinin qəbulunun ləngiməsilə bağlı öz narazılığını ifadə edib.
Əli Hüseynov dedi ki, qanun qəbul olunduqdan sonra Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizə aparan yeni orqan yaradılacaq. Qanun layihəsində bu orqanın hansı statusla və adla yaradılması ölkə prezidentinin ixtiyarına verilir. Müvafiq orqan cinayət yoluyla əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirləri bir neçə istiqamətdə aparacaq. Birinci istiqamət kredit, sığorta təşkilatlarında, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları olan brokerlər, qiymətli kağızların idarə olunması üçün peşəkar fəaliyyət həyata keçirənlər, lizinq xidməti göstərən kredit təşkilatları, pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan poçt xidməti göstərən müəssisələr və digər təşkilatlar, lombardlar, investisiya fondları, qiymətli metalların və zərgərlik məmulatlarının alqı-satqısıyla məşğul olan hüquqi şəxslər, fəaliyyətin tərkib hissəsi kimi vəsait alan, toplayan, köçürən qeyri-hökumət təşkilatları və dini təşkilatlar, lotereya təşkilatçıları və daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidməti göstərən hüquqi şəxslərin fəaliyyətinin monitorinqi olacaq.
Monitorinq iştirakçılarının daxili nəzarət sisteminin hazırlaması və tətbiq etməsi nəzərdə tutulur. Həyata keçirilən tədbirlər haqqında müştərinin və digər şəxslərin məlumatlandırılması qadağan olunacaq. Vəkillər, notariuslar, hüquqi xidmət göstərən digər şəxslər və ya auditor xidməti göstərən şəxslər öz müştərilərinin əməllərində çirkli pulların leqallaşdırılması üçün kifayət qədər əsas gördükdə qanunun tələblərinə əməl etməli olacaqlar. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən, ümumi məbləği 20 min manatdan artıq olan pul vəsaitləri və digər əmlakla əməliyyatlar monitorinq olunacaq. Terrorçuluğun maliyyələşdirilməsilə bağlı olması şübhə edilən, xarici dövlətlərin siyasi xadimlərinin bank hesabatlarından həyata keçirilən, Azərbaycanın yurisdiksiyasından kənardakı anonim hesabdan pul vəsaitinin daxil olması və ölkədən kənrdakı anonim hesaba pul vəsaitinin köçürülməsi üzrə əməliyyatlar məbləğindən asılı olmayaraq monitorinq ediləcək. Eyni zamanda, müvafiq icra hakimiyyəti orqanı Azərbaycana valyuta sərvətlərinin gətirilməsi və ya çıxarılmasını da dərhal maliyyə monitorinqi orqanına təqdim etməlidir.
Bundan əlavə, “Valyuta tənzimi haqqında” qanuna müvafiq olaraq gömrük sərhəddindən keçirilən valyuta sərvətləri barədə məlumatlar maliyyə monitorinqi orqanına göndəriləcək. Hüquqi şəxs olan monitorinq iştirakçıları cinayət yoluyla əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına qarşı daxili nəzarət sistemi hazırlamalı və həyata keçirməlidirlər. Bunun üçün məlumatların sənədləşdirilməsi və məxfiliyin təmin edilməsinə dair qaydalar hazırlanmalıdır. Bu istiqamətdə fəaliyyət göstərən əməkdaşlara mütəmadi təlimlər göstərilməlidir. Statistik məlumatların mərkəzləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti və prokurorluq orqanları səlahiyyətləri daxilində cinayət yoluyla əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması ilə bağlı hüquqpozmalar barədə məlumatları 6 ayda 1 dəfə maliyyə monitorinqi orqanına təqdim etməlidirlər. Maliyyə monitorinqi orqanı şübhə yaradan əməliyyat haqqında təqdim olunmuş məlumat əsasında həmin əməliyyatın icrasının dayandırılması barədə iki iş günü ərzində əsaslandırılmış qərar qəbul edə bilər. Şübhə yaradan əməliyyatın icrası maliyyə monitorinqi orqanı tərəfindən 72 saat dayandırıla bilər.
Komissiya sədri nəzərə çatdırdı ki, maliyyə nəzarəti orqanı ilə bağlı dünya ölkələrinin müxtəlif təcrübələri var. Bəzi ölkələrdə bu işi tamamilə müstəqil olan ayrıca bir qurum həyata keçirir. Bu qurum peşəkar maliyyəçilərdən və hüquqşünaslardan təşkil olunur. Bəzi ölkələrdə isə bu orqanın səlahiyyətlərini həyata keçirməyi ya Milli Banka, ya da Vergilər Nazirliyinə tapşırırlar. Azərbaycanın bu təcrübələrdən hansını seçəcəyini ölkə prezidenti müəyyənləşdirəcək.
Müzakirələrdə iştirak edən millət vəkili Vahid Əhmədov müzakirəyə təqdim olunan qanun layihəsinin Azərbaycanın inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Onun sözlərinə görə, hazırda çirkli pulların leqallaşdırılması məsələsi bütün dünyanın diqqət mərkəzində olan bir problemdir. SSRİ dağıldıqdan sonra MDB məkanında da böyük miqdarda pullar cinayət yolu ilə ayrı-ayrı adamların əlinə keçib.
Çirkli pulların leqallaşdırılmasına qarşı mübarizə mexanizmi isə hələ tam formalaşdırılmayıb. Millət vəkilinin fikrincə, Azərbaycan da bu mexanizmi formalaşdırmaq baxımından bir az gecikib. Qanun layihəsinə münasibət bildirən millət vəkili dedi ki, sənəd konseptual baxımından normaldır. Amma bir sıra sual doğuran məqamlar da var. Onun sözlərinə görə, təcrübə göstərir ki, çirkli pulların leqallaşdırılması daha çox banklar vasitəsilə həyata keçirilir.
Amma müzakirəyə təqdim olunan qanun layihəsinə banklarla bağlı müddəalar daxil edilməyib: “Mənim fikrimcə, mütləq banklar da monitorinq olunan orqanlar siyahısına daxil edilməlidir”. O dedi ki, QHT-lər vasitəsilə yuyulan pullar barədə məlumatların maliyyə nəzarəti orqanına hansı formada təqdim olunacağı qanun layihəsində açıq qalır. Bundan əlavə, layihədə əsasən nəğd hesablaşmalar zamanı vəsaitlərin hərəkətinə nəzarət edilməsi nəzərdə tutulur. Qeyri-nəğd yolla aparılan əməliyyatlara nəzarətin mexanizmi isə müəyyənləşdirilməyib: “Əslində çirkli pulların leqallaşdırılması daha çox köçürmə yolu ilə reallaşdırılır”.
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev layihədəki “şübhə doğuran məqamlar” ifadəsinin konkretləşdirilməsini təklif etdi. Onun sözlərinə görə, qanun qəbul edilərkən nəzərə alınmalıdır ki, cinayətkar yolla pul qazananların böyük əksəriyyətinin özlərinin bankları var. Onlar həyata keçirdikləri əməliyyatları da bu banklar vasitəsilə tənzimləyirlər. Təbii ki, bu banklar öz sahiblərinin şübhəli əməliyyatları barədə maliyyə monitorinqi orqanına məlumat çatdırmaqdan yayınacaqlar. Əsasları da bu olacaq ki, aparılan əməliyyat onlarda şübhə doğurmayıb.
Millət vəkili Fəzail Ağamalı SSRİ dağıldıqdan sonra Azərbaycanda da bir sıra şəxslərin cinayət yolu ilə böyük məbləğdə pul və əmlak ələ keçirdiklərini bildirdi. Məhz bu, ölkədə normal rəqabət mühitinin yaradılmasına mane olur: “Bu baxımdan biz bu qanunu qəbul etməkdə xeyli gecikmişik”. Millət vəkili onu da bildirdi ki, cinayətkar yolla pul qazanan şəxslərin həmin vəsaitin bir qismini xərcləməklə nəzarətdən yayınma cəhdlərinin olacağı da nəzərə alınmalıdır.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisə tövsiyə edildi. Layihə Milli Məclisin iyunun 13-də keçiriləcək sonuncu plenar iclasında müzakirəyə çıxarılacaq.axcp
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir