- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
VAHİD QAZİNİN RUSİYA SƏFİRİNƏ YAZDIĞI MƏKTUB AVROPADA DA ÇAP OLUNUB
BayBək, Azərbaycan | Wednesday, 20th August , 2008 , 14:30 [pm] | Dış Xəbərlər, Məqalə-Yazi, İç Xəbərlər
![]() |
. | V.Qazinin avqustun 16-da «Yeni Müsavat» və «Zerkalo» qəzetlərində dərc edilmiş məktubunda Gürcüstana təcavüzə kəskin etiraz sərgilənib və Rusiyanın son 200 ildə Qafqazda, o cümlədən onun cənubunda apardığı işğalçılıq siyasəti sərt tənqid olunub: «Artıq üçüncü dəfədir ki, Kremldən Qafqaza qoşun yeritmək əmri verilir. Kreml - yəni Rusiya imperiyası, Sovet İttifaqı və Rusiya Federasiyası. Mənim üçün mahiyyət etibarı ilə bunların heç bir fərqi yoxdur. |
«İnam» Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazinin ötən həftə Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratova yazdığı açıq məktuba* diplomatın özü heç bir reaksiya verməsə də, ictimai sektor təmsilçisinin müraciəti xaricdə əks-səda doğurub. V.Qazi Kosovodan, Çexiyadan dəstək mesajları alıb. Səfirə ünvanlanan müraciət Polşada üç dildə nəşr olunub.
V.Qazinin avqustun 16-da «Yeni Müsavat» və «Zerkalo» qəzetlərində dərc edilmiş məktubunda Gürcüstana təcavüzə kəskin etiraz sərgilənib və Rusiyanın son 200 ildə Qafqazda, o cümlədən onun cənubunda apardığı işğalçılıq siyasəti sərt tənqid olunub: «Artıq üçüncü dəfədir ki, Kremldən Qafqaza qoşun yeritmək əmri verilir. Kreml - yəni Rusiya imperiyası, Sovet İttifaqı və Rusiya Federasiyası. Mənim üçün mahiyyət etibarı ilə bunların heç bir fərqi yoxdur.
Rusiya Qafqazı uzun illər apardığı müharibədən sonra zəbt edə bildi. Şamil və onun kimi yüzlərlə mücahid bu işğalla barışmadı. Sovetlərin də işğalı asan olmadı. Minlərlə insan əlində silah dağlara çəkildi və uzun illər vuruşdu. Şimallı-cənublu qafqazlılar hər fürsətdə azadlıq mücadiləsinə qalxıblar… Bilmirəm niyə bizim azadlığımızı həzm edə bilmirsiz? Qafqazlılar azadlığı sevir, çünki onun nə demək olduğunu bilirlər… Məgər aydın deyilmi ki, Siz bu 200 ildə Qafqazı məğlub edə bilməmisiz? Torpağı zəbt, minlərlə insanı məhv etmək olar, amma ruhu yox. Siz Qafqazın ruhuna qalib gələ bilmədiniz. Qafqazı sevgi və hörmətlə ram etmək olardı. Siz əvvəldən, 200 il öncədən səhv etdiniz».
Məktubun sonunda V.Qazi deyir: «Qafqazda Rusiyanın xeyir-duasıyla yaradılmış «oyuncaq dövlətləri» 5-10 il də əldə saxlayın, sonra nə olacaq? Bu torpaqları və orada yaşayanları Sibirə, Tayqaya aparası deyilsiz. Əvvəl-axır özünüz çəkilib gedəcəksiz, Mərkəzi və Şərqi Avropadan getdiyiniz kimi. Mən Qafqaz xalqlarının yenidən birgə, firavan yaşayacağına əminəm. O vaxt sizlər heç də xoş təəssüratla xatırlanmayacaqsız. Nifrəti qazanmaq onu unutmaq qədər çətin deyil…
Cənab səfir! Bizi ram etmək haqda düşünməyin, bizimlə dost olun. Siyasətiniz 180 dərəcə dəyişsə görərsiz ki, biz nə qədər mehriban, qonaqpərvər və dostcanlıyıq. Bu torpaqlardan heç kim köçüb getməyəcək. Siz bizim mehriban qonşumuz olsanız, biz özümüzə dünyanın o başında dost axtarmarıq».
V.Qazi «Media forum» saytına açıqlamasında Rusiya səfirliyindən onun məktubuna hər hansı reaksiya verilmədiyini bildirib. «Açığı, mən hər hansı cavab gözləmirəm də. Məktubda qeyd etdiyim kimi, mən onu rəsmi təqdim etmədim, sadəcə mətbuat vasitəsilə fikirlərimi bildirdim. Oradan hansı cavabın veriləcəyi məni o qədər də maraqlandırmır. Məni Qafqazda yaranan vəziyyət daha çox narahat edir və bu xəmirin hələ çox su aparması ehtimalı, Rusiyanın Gürcüstana təcavüzünün bütün bölgəni əhatələməsi ehtimalı qorxudur».
V.Qazi deyib ki, məktuba Azərbaycandan və xaricdən xeyli reaksiyalar var: «Onu xaricdəki dostlar çox sürətlə yaydılar. İnsanlar məktubdakı fikirlərlə həmrəy olduqlarını bildirirlər. Kosovodan İlber Hysa yazır ki, «mən sənin fikirlərini dəstəkləyirəm», Çexiyadan məşhur dissident jurnalist Petruşka Şustrova «ürəyindən tikan çıxardığını» yazır. Polşadakı [1] www.domkaukask… saytı məktubu üç dildə - Azərbaycan, rus və ingilis dillərində yerləşdirib. Bu, dünyada Gürcüstandakı müharibənin hansı səviyyədə maraq doğurduğunun göstəricisidir. Həqiqətən vəziyyət ciddidir və bu müharibə 90-cı illərin əvvəlindəkindən mahiyyət və miqyas baxımdan fərqlidir. Biz təhlükəni öz dərimizlə hiss etməliyik».mediaforum
* RUSİYA SƏFİRİNƏ AÇIQ MƏKTUB
Rusiya Federasiyasının Azərbaycandakı səfiri cənab Vasili İstratova
Cənab səfir! Bu kiçik məktubu kimə ünvanlamaq haqda çox düşündüm: Rusiyadakı dostlaramı, oradakı hər cür hörmətə layiq ictimai xadimlərəmi, dövlət rəsmilərinəmi? Axır Sizin personanızın üzərində dayandım. Böyük bir dövləti Azərbaycanda təmsil edən kifayət qədər fəal səfir kimi Sizə müraciət etmək, məncə, yersiz görünməz.
Təəssüf ki, mənim polisim bu məktubu Sizin səfirliyin qarşısında oxumağa və rəsmən Sizə təqdim etməyə imkan vermir. Odur ki, sözlərimi mətbuat vasitəsilə deməyə məcburam. Mən nə dövlət adamıyam, nə də diplomat. Odur ki, fikirlərimi bəzək-düzəksiz, çılpaq deyəcəm.
Cənab səfir!
Ötən həftədən biz hamımız - əsl qafqazlılar narahatıq. Sizin təmsil etdiyiniz dövlət yenidən Qafqazı işğal etmək fikrinə düşüb. Gürcüstan torpaqlarının zəbt olunması bir azərbaycanlı kimi məni narahat edir, çünki mənim də Qarabağ adlı belə “yaralı” torpağım var. Bir qafqazlı kimi isə bu işğal qüruruma toxunur.
Artıq üçüncü dəfədir ki, Kremldən Qafqaza qoşun yeritmək əmri verilir. Kreml - yəni Rusiya imperiyası, Sovet İttifaqı və Rusiya Federasiyası. Mənim üçün mahiyyət etibarı ilə bunların heç bir fərqi yoxdur.
Rusiya Qafqazı uzun illər apardığı müharibədən sonra zəbt edə bildi. Şamil və onun kimi yüzlərlə mücahid bu işğalla barışmadı. Sovetlərin də işğalı asan olmadı. Minlərlə insan əlində silah dağlara çəkildi və uzun illər vuruşdu. Şimallı-cənublu qafqazlılar hər fürsətdə azadlıq mücadiləsinə qalxıblar. Bunu Siz məndən də yaxşı bilirsiz.
Sizə indi də asan deyil. Bilmirəm niyə bizim azadlığımızı həzm edə bilmirsiz? Qafqazlılar azadlığı sevir, çünki onun nə demək olduğunu bilirlər. Bəlkə də bu bizim “təhkimçi” və “proletar” ola bilməməyimizdəndir. Məgər aydın deyilmi ki, Siz bu 200 ildə Qafqazı məğlub edə bilməmisiz? Torpağı zəbt, minlərlə insanı məhv etmək olar, amma ruhu yox. Siz Qafqazın ruhuna qalib gələ bilmədiniz. Qafqazı sevgi və hörmətlə ram etmək olardı. Siz əvvəldən, 200 il öncədən səhv etdiniz.
Hələ ötən əsrin 90-cı illərində Soljenitsin Qafqazı Rusiyanın boynunda ağır yük adlandırırdı. Bu böyük insan Puşkinin, Lermontovun heyran qaldığı diyarı əbəs yerə özgür buraxmağın vacib olduğunu demirdi. Bədəndə yad cism yaşaya bilmədiyi kimi Qafqaz da bu 200 ildə Rusiya ilə vahid orqanizm olmadı. Siz hələ də 20-ci əsr rus patriarxının nəsihətlərini eşitmirsiniz.
Qafqazda Rusiyanın xeyir-duasıyla yaradılmış “oyuncaq dövlətləri” 5-10 il də əldə saxlayın, sonra nə olacaq? Bu torpaqları və orada yaşayanları Sibirə, Tayqaya aparası deyilsiz. Əvvəl-axır özünüz çəkilib gedəcəksiz, Mərkəzi və Şərqi Avropadan getdiyiniz kimi. Mən Qafqaz xalqlarının yenidən birgə, firavan yaşayacağına əminəm. O vaxt sizlər heç də xoş təəssüratla xatırlanmayacaqsız. Nifrəti qazanmaq onu unutmaq qədər çətin deyil. Biz hələ də 1989-cu ilin 9 aprelini, 1990-cı ilin 20 yanvarını unuda bilməmişik.
Cənab səfir!
Bizi ram etmək haqda düşünməyin, bizimlə dost olun. Siyasətiniz 180 dərəcə dəyişsə görərsiz ki, biz nə qədər mehriban, qonaqpərvər və dostcanlıyıq. Bu torpaqlardan heç kim köçüb getməyəcək. Siz bizim mehriban qonşumuz olsanız, biz özümüzə dünyanın o başında dost axtarmarıq.
Bir qədər acı sözlərimdən inciməyin. Axı yazmışdım ki, mən diplomat deyiləm.
Vahid QAZİ,
«İnam» Plüralizm Mərkəzinin rəhbəri
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir