- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Minsk qrupunun taleyi qaranlıq görünür
BayBək, Azərbaycan | Friday, 12th September , 2008 , 21:14 [pm] | İç Xəbərlər
![]() |
. | Ermənistan prezidenti Serj Sərkisyan diqqət çəkən bəyanat verib. O deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar formatında mümkün dəyişikliklər ciddi təhlükələr doğura bilər. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün imkanların tükənmədiyini bildirən Serj Sərkisyan ATƏT-in Minsk qrupunun hələ bu istiqamətdə çox işlər görməli olduğunu söyləyib. Onun sözlərinə görə, 14 ildir ki, “nə sülh, nə |
“ABŞ-ın əsas məqsədi Rusiyanı yavaş-yavaş Cənubi Qafqazdan çıxartmaq və sülh prosesinin əsas sponsoru olmaqdır”
Ermənistan prezidenti Serj Sərkisyan diqqət çəkən bəyanat verib. O deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar formatında mümkün dəyişikliklər ciddi təhlükələr doğura bilər. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün imkanların tükənmədiyini bildirən Serj Sərkisyan ATƏT-in Minsk qrupunun hələ bu istiqamətdə çox işlər görməli olduğunu söyləyib. Onun sözlərinə görə, 14 ildir ki, “nə sülh, nə də müharibə” vəziyyəti yalnız ATƏT-in Minsk qrupu həmsədrlərinin aktiv fəaliyyəti nəticəsində qorunur. Göründüyü kimi, Serj Sərkisyan ATƏT-in Minsk qrupunun fəaliyyətini dayandıra biləcəyindən narahatdır.
Əslində bu narahatlığa ciddi əsaslar var. Çünki Rusiya və ABŞ Minsk qrupunun həmsədrləridirlər. Rusiyanın Gürcüstana hərbi müdaxiləsi, separatçı Cənubi Osetiya və Abxaziyanın müstəqiliyini tanıması isə Moskvanın Vaşinqtonla münasibətlərində ciddi soyuqlaşma yaradıb. Vaşinqtonda Rusiyaya yönəlik sərt bəyanatların intensivliyi azalmır. Ona görə də bu iki dövlətin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində birgə fəaliyyət göstərəcəklərinə bir çox ekspertlər şübhəylə yanaşmaqdadırlar. Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın tanınmış institutlarının birinin əməkdaşı Zeyno Baran bu mövzuda danışmışdı.
O bildirmişdi ki, Rusiyanın son hərəkətlərindən sonra ABŞ-ın bu dövlətlə Minsk qrupunun həmsədrliyində təmsilçiliyi, Qarabağ münaqişəsinin tənzimlənməsində birgə iştirakı imkansız görünür. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın təkbaşına Bakı və İrəvana səfərə çıxması da suallar yaratmaya bilməz. Həm də səfərdən öncə o, açıqlamasında Minsk qrupunun taleyi ilə bağlı suala birmənalı cavab verməyib: “Minsk qrupunun fəaliyyətinə ehtiyac olub-olmadığını zaman göstərəcək. Ancaq məncə, bu qrup öz funksiyasını saxlayacaq. Mən Azərbaycana və Ermənistana yola düşürəm. Ümid edirəm ki, hər iki ölkənin liderləri ilə prosesi necə irəli aparmaq barədə fikir mübadiləsi edəcəyik. Deyə bilərəm ki, Dövlət Departamentində məndən yüksək vəzifəli şəxslər çox fəal şəkildə bu işə cəlb olunublar. Bu baxımdan ümidverici gözləntilərim var.
Minsk qrupu yaşayır və gözləmək olar ki, öz funksiyalarını davam etdirəcək”. İkincisi, bu səfərə çıxan gün Metyu Brayza Dövlət Departamentində çıxışı zamanı Rusiyaya xəbərdarlıqlar ünvanlayıb, onu ayrıcı geosiyasi xətlər çəkməməyə çağırıb, Vaşinqtonun birmənalı şəkildə Tiflisi dəstəklədiyini vurğulayıb. Üçüncüsü, Metyu Brayza ilk dəfə Vaşinqtonun Azərbaycanın ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiyini və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini məqsədəuyğun saydığını dilə gətirib: “Biz deyirik ki, əgər nə vaxtsa bir razılaşma olsa, onu hər iki ölkə də qəbul etməlidir. Bu razılaşmanı necə əldə etmək isə Azərbaycandan asılıdır. Minsk qrupunun bir həmsədri kimi mən bunun baş verməsinə kömək edirəm. Biz heç kimə hansısa razılaşmanı qəbul etdirə bilmərik. Birinci növbədə Azərbaycanın ərazi bütövlüyünü himayə edirik və istəyirik ki, Azərbaycan və Ermənistan özləri beynəlxalq qanunların başqa prinsiplərini də əhatə edəcək bir razılaşma əldə etsinlər. ABŞ hökuməti münaqişənin həllinə dair ədalətli və möhkəm qərarın qəbulu üçün əlindən gələni edəcək. Münaqişə bizim Azərbaycanın ərazi bütövlüyünə dəstəyimiz prinsiplərinə istinadən həll ediləcək”.
Nəzərə alınmalıdır ki, Rusiya rəhbərliyi, Minsk qrupundakı rusiyalı həmsədrlər heç vaxt münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini zəruri saydıqları yönündə bəyanat verməyiblər. Moskvanın bu münaqişənin həllini tapmasında maraqlı olmadığı da hər kəsə bəllidir.
Məlumat üçün onu da deyək ki, Metyu Brayza bir həftə əvvəl Vaşinqtonda erməni diaspor nümayəndələrinin qatıldığı “Gürcüstanda vəziyyət və onun Qafqaza təsiri” mövzusunda keçirilən tədbirdə də ərazi bütövlüyünün əsas götürülməsinin zəruriliyilə bağlı fikirlər dilə gətirib. Dövlət katibinin müavininin köməkçisi vurğulayıb ki, Vaşinqton nə vaxt separatizmlə bağlı münaqişələrin həlli prosesinin tənzimlənməsinə qoşulur, ərazi bütövlüyü dominant rol oynayır. İstənilən halda Metyu Brayzanın ərazi bütövlüyü prinsipinin dominant rol oynadığını ermənilərin içərisində deməsi də kifayət qədər ciddi mesaj idi.
Bütün bunlar da göstərir ki, Rusiyayla ABŞ arasında Dağlıq Qarabağ məsələsinə yanaşmada müəyyən fərqli cəhətlər qabarıq formada üzə çıxmaqdadır və bu Minsk qrupunun taleyi ilə bağlı bədbin proqnozların, o cümlədən Serj Sərkisyanın da narahatlığının o qədər əsassız olmadığını ortaya qoyur.
Məsələyə fərqli prizmadan yanaşanlar da var. Politoloq Zərdüşt Əlizadə hesab edir ki, Qarabağ məsələsində ABŞ-la Rusiya təxminən yaxın mövqedədirlər. Sadəcə, Vaşinqton çalışır ki, Qarabağda sülh prosesinin əsas sponsoru olsun, Rusiya da əsas sponsor statusunu saxlamağa çalışır: “ABŞ və Rusiya dovşana “qaç”, tazıya “tut” deyirlər. Ermənistana deyirlər ki, ermənilərin Qarabağda öz müqəddəratını təyin etmə hüququna hörmətlə yanaşırıq. Azərbaycana da bildirirlər ki, ərazi bütövlüyünə hörmət bəsləyirlər. ABŞ-ın əsas məqsədi Rusiyanı yavaş-yavaş Cənubi Qafqazdan çıxartmaq və sülh prosesinin əsas sponsoru olmaqdır”.axcp
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir